Bakılıların fars dilinə böyük “Qatqıları”

+0 به یه ن

Biri var idi, biri yox idi. Türklərin enerjisinin, gücünün bol vaxtı idi. Türklər çevrələrindəki kiçik xalqlara qol-qanad açır, onları qoruyur, dilini, kültürünü gəlişdirmək üçün çalışır, çabalayırdılar. Yadlar üçün, onların yerinə savaşlara girir, özgələr üçün öz eldaşlarına, soydaşlarına qarşı vuruşur, çarpışırdılar. Rus ulusu və Rus dövlətinin yaradılmasında Türklərin böyük rolu danılmazdır. Rus knyazları üçün öz qardaşlarına – Türklərə qarşı amansız savaşlara girirdilər. Bu çabaların sonucunda Türk torpaqlarında Rus ulusu ve dövləti yaratdılar. Adlım Qırğız yazarı Oljas Süleymenin de vurğuladığı kimi 200 il Rus ozanları

Türkcə-Ruscanın qarışıq olduğu bir dildə çalıb çağırırdılar, çünkü hələ Rus dili tam oluşmamışdı. Rus kültürü və dövlətçiliyi Türkün inanılmaz özveri (fədakarlıq) və çabalarıyla yaranmışdır. Rusların “Rusu qazısan altından Tatar çıxar” ata sözü bu gerçəyin böyük etirafı, tam onayı kimi səslənir. Özgəsi üçün özünü fəda eden bu könüllü savaşçıları, yəni Türkləri tarixin bir çox səhnəsində üzülərək görməkdəyiz: Çin ordusu içində, Rus ordusu içində, Gürcülərin, Perslərin, Bizansın, bir sözlə Doğunun, Batının bütün savaş alanlarında özgələr üçün savaşan Türklər ön səflərdədir. Türklər hər zaman özgə ulusların qurucu, vurucu, aparıcı gücünü oluşdurmuş, savaşlarda özgə ordularının tam anlamıyla “ləşkəri-aşurası” olmuşlar.

Türklərin təkcə savaş meydanlarında deyil, özgələr üçün mədəniyyət yaratma alanında da çox fəal olduqlarını görürük. Rus dili və mədəniyyətinə can verən, Fars dilini yoxdan var edib şahlandıran da yenə Türklərdir. Dünyaya keçmişdən günümüzədək minlərlə kiçik dillər gəlib, bir sürə yaşayıb sonra da özlüyündən yox olub getmişlər. Bir zamanlar Fars dili də kiçik bir məhəlli dil olmuşdur. Türklər bu dili ədəbi dil olaraq mənimsəyib yüzillər boyu üzərində bir quyumçu(qızılçı) incəliyi ilə işləmiş, cilalamış, parlatmışlar. Türküstandan Anadoluyadək bu geniş bölgələrdə yaşayan Türklər bir biri ilə yarışırcasına Fars dili üçün uğraşıb, əlləşib-vuruşmuşlar. Sonunda bu kiçik məhəlli dildən böyük ədəbi dil yaratmışlar. Bu çabanı öz doğma dilləri üçün əsirgəyən Türklərə nə Əlişir Nəvainin “ey Tüklər, Türkcə yazın. Türk dili Fars dilindən çox daha dərin, incə, söz dağarcığı qat-qat genişdir” yalvarışını umursadılar, nə də Qazi Bürhanəddin kimi dövlət adamlarının “Türkcə danışın” hayqırışlarına qulaq verdilər. Yazmağa ilk başladığında Türkcə yazan Gəncəli Nizamiyə Türk şahı “farsca yaz” deyə buyruq göndərib əlini-qolunu bağlayıb, Farsca yazmağa məhkum etdilər. Fars dilində ərsəyə gələn böyüklü-kiçikli bütün dəyərli əsərləri Mövlanadan, Nizamidən Şəhriyara dəyin Türklər yazmışlar. Görəsən bu Türk yazarları öz əsərlərini Türkcə yazsaydılar necə olardı ? Tarixdə “necə olardı?” sorularını sormaq qəbul görməz, ancaq kiçik bir bənzətmə olsun deyə Şəhriyarı örnək göstərə bilərik. Çağdaş Fars ədəbiyyatının ən böyük şairi sayılan Şəhriyar öz ana dilində Türkcə ilk dəfə yazmağa başlayınca, bir çağlayan kimi çağladı, günümüz Türkcəsinin şah əsərlərindən sayılan “Heydərbabaya salam” qoşuqları ortaya çıxdı.

Gün gəldi, Türklər bütün dünya ulusları kimi oyanmağa başladılar. Ulusal bilincləri gəlişdi, öz dillərinə, mədəniyyətlərinə yiyə çıxmağa başladılar. Türk dünyasında “cədidizm” dediyimiz yeniləşmə, aydınlanma çağı başladı. Bunun ilk qığılcımını yaxan Buxaralı aydın Kursavinin ardınca Tatar aydınlarından Qaspiralının “Tərcüman” qəzeti Türklərin “dil ağrısına” dilmanc olmuşdu. Azərbaycanlı böyük din bilgini Cəmaləddin Əfqani tam o dönəmdə dilin bir ulus üçün dəyişməz bir ünsür olaraq dindən daha önəmli olduğunu vurğuladı. Dilimizi sadələşdirmə uğrunda Osmanlı aydınlarının və Azərbaycanda “Molla Nəsrəddin” məktəbinin çabaları çox önəmli olmuşdur. Sonrakı illərdə Atatürkün ən böyük atılımlarından biri olan “dil devrimi” Türk dilini Osmanlıcanın “qozbelinden”, Farsca və Ərəbcənin “ağırlıqlarından” qurtarmışdır. Ancaq bu Türk dilini arındırma çabalarıyla birlikdə yeni qurulan Türkiyə Cümhuriyyətinin yeni standart dilinin özülü olaraq Trakya, İstanbul ağzı deyil də, örnəyin Ankara ağzı təməl alınsaydı doğu və batı Oğuz Türkcəsi, yəni Anadolu ilə Azərbaycan arasındakı dil bağı və ilişkiləri daha da güclənər, Türk dünyasının da ən böyük dil devrimi olardı.

Dillə dövlət arasında üzvi bir bağ vardır. Dövlət qurumlarının işləməsiylə dilin də rəsmi, standart bir biçimi ortaya çıxır, yabançı sözlər dildən uzaqlaşdırılır, dilin öz ana qaynağından yeni sözlər törədilib yayğınlaşdırılır. Ancaq bu sürəc üçün dövlətin tam bağımsız olması önəmli qoşuldur. Azərbaycan 70 il boyunca Sovet Birliyi içində formal, göstərməlik bir dövlət sisteminə yiyələnmişdi. Tam bağımsız olmadığı üçün ulusun ən önəmli varlığı olan dili də tam gəlişdirə bilməmişdi. Xalqın estetik və intelktual gücüylə gözəl bir ədəbiyyat dili yaranmış, ancaq rəsmi dil quru və yoxsul qalmışdı. Bu yoxsulluqla birlikdə Bakıda bənzəri görünməmiş çirkinlikdə sözlər, Sovet-bolşevik zövqünə uyğun anlamsız deyimlər də uydurulmuşdu. Milli olan hər şeyi rədd edən Bolşevik məntiqiylə Türklər üçün dildə yəri boş qalmış sözlər, qavramlar üçün yad dillərdən alınan sözlərin quraşdırılmasıyla yapay (süni) sözlər yaradılırdı. Bunların arasında ayrı ayrı Fars sözlərinin birləşdirilməsi ilə yaradılan anlamsız, zövqsüz, ən önəmlisi xalqın özünün heç vaxt mənimsəmədiyi uydurma sözlər də vardır. Bu sözlər arasında “azarkeş”, “sərnişin”, “peşəkar” vb. bu kimi Fars sözlərindən Sovet zamanında uydurularaq quraşdırılmış sözləri örnək göstərə bilərik. Əlbəttə Türkiyədəki Dil Qurumu kimi bir qurumun bağımlı Azərbaycan Sovet Respublikasında qurulmasını gözləmək doğru deyildir, ancaq dildə yeri boş qalmış sözləri yaradarkən öz doğma dilini qoyub yad dillərdən alınma söz yığınlarının zövqsüzlüyü ilə insanı bayıldan bu bayağı, dadsız-duzsuz, ruhsuz sözlərini mənimsəmək, onları qəbul etmək də imkansız idi. Xalqımız da bu sözləri heç vaxt mənimsəmədi. Günümzdə heç bir Allah bəndəsi bir Fars bu Fars sözlərindən quraşdırılmış sözləri anlamır, bəlkə də tarixdən az-çox başı çıxan Farslar bu özəntini, bu can yandırmanı Türklərin keçmişdən qalan əski alışqanlığı olaraq görüb, “Bu Bakılılar bu işin lap ağını çıxardıb, bizim özümüzün belə Ərəbcə olaraq işlətdiyimiz “tərəfdar”, “müsafir”, “herfeyi” kimi sözlərimizin yerinə Farsca qarşılıqlarını tapıb qoyublar” deyə düşünərək sevinc qarışıq çaşqınlıq duyğusu yaşayırlar.

İndi Azərbaycan tam 20 ildir bağımsız bir dövlətdir. Ancaq nədənsə Sovet dövründən qalan bu “alışqanlıqların” bu gün də sürdürülməsi, Sovet dövründə belə işlədilməmiş bayağı, uydurma sözlərin yayğınlaşdırılmağa çalışılması heç bir məntiqə sığmır. Görəsən bu ölkənin dilçiləri, ədəbiyyatçıları, aydınları hara baxırlar, nə düşünürlər? Bu bayağı sözlərdən qurtulmaq heç ağıllarına gəlirmi? Bağımsız dövlətin adına, sanına yaraşan varlı, canlı bir dilin gəlişdirilməsi kimi bir qayğıları, görəvləri yoxmu? Bu sorular biz aydınları da, xalqımızı da çox düşündürür.

27.06.11

 

 

Gülara Yenisey

|

30-İyun-2011, 15:39

 
 

 



radyo dinle